Şahin Diniyev: Qarabağ Dneprə qarşı çox ağıllı oynadı
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyunundan danışıb:
"Qarabağ"ı gözəl qələbə münasibətilə təbrik edirəm. Oyunçular çox ağıllı hərəkət etdilər, "Dnepr"ə boşluq vermədilər. Amma öz əllərinə düşən şansdan maksimum yararlandılar. "Qarabağ" komanda oyunu baxımından çox yaxşı təsir bağışladı".
Diniyev "Qarabağ"ın bu oyunda müdafiə futbol sərgilədiyi barədə fikirlərlə razılaşmır: "Komandanın ikinci hissədə müdafiəyə daha çox diqqət ayırmasında təəccüblü nəsə yoxdu. Futbolda əsas nəticədi. Düzdü, müəyyən problemlər diqqət çəksə də, matçın gedişatında həmin problemlər çözüldü. "Qarabağ"ın üzvləri hətta cərimə meydançasında da çox soyuqqanlı çıxışı ilə diqqət çəkirdilər. Əsas odu ki, futbolçular "Dnepr"in oyunçularına qapıya zərbə vurmağa imkan vermədilər. İlk qolu "Qarabağ" buraxsaydı, vəziyyəti düzəltmək çox çətin olacaqdı".
"Vurulan qol komanda oyunu və Muaremin fərdi ustalığı sayəsində gerçəkləşdi. O, vəziyyəti çox düzgün qiymətləndirdi, ən doğru varianta əl atdı".
Yığmamızın sabiq çalışdırıcısının sözlərinə görə, "Qarabağ" "Dnepr"ə evdə də qalib gələ bilər: "Niyə də Bakıda da eyni uğur qazanılmasın? Amma bu, heç də asan olmayacaq. Ukraynalılar Azərbaycanda daha aqressiv oynayacaqlar. Çünki bu oyun onlar üçün ikinci yeri tutmaq baxımından həlledici olacaq".