Arif Əsədov: Qarabağ Dneprlə heç-heçə edə bilər
"Neftçi"nin baş məşqçisi Arif Əsədov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın qrup mərhələsindəki ilk iki oyunu göstərdi ki, komandamız istənilən rəqiblə mübarizə aparmağa qadirdi. Düzdü, "Dnepr" hazırda Ukrayna çempionatının lideridi. Heyətində əla legionerləri var. Bu üzdən "Qarabağ"ı çətin oyun gözləyir. Amma mənə elə gəlir ki, təmsilçimiz heç-heçə edə bilər. İlk 15-20 dəqiqədə rəqibin təzyiqinə dözmək çox vacibdi. Çünki rəqib erkən qol vurmağa çalışacaq. Çumbinyo və Danilo Diasın yoxluğu ciddi itkidi. Amma bunu faciəyə çevirmək lazım deyil. Bunu "İnter"lə səfər matçı da göstərdi. Çünki komandamız həmin görüşdə zədəli futbolçuların yoxluğunda da layiqli oyun sərgiləməyi bacardı".