Ruslan Zubkov: Reynaldo və Riçardın oyunu alınsa, Dneprə çətin olacaq
"Araz Naxçıvan"ın müdafiəçisi Ruslan Zubkov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Ukrayna mətbuatına açıqlamasında bunları söyləyib:
"Öncə "Dnepr" və "Qarabağ"ın azarkeşlərinə baxımlı və yaxşı futbol, ədalətli oyun izləməyi arzulayıram. "Qarabağ" hazırda Azərbaycanın ən güclü komandalarından biridi. Onlar sürətli futbol oynamağı sevirlər. Ona görə də "Dnepr" bu oyuna ciddi hazırlaşmalıdı. "Qarabağ" "Spartak"ın 90-cı illərdəki stilində oynamağı xoşlayır. Onlar yaxşı top saxlayırlar, hücuma və əks-hücumlara sürətli çıxırlar. Bunun üçün sürətli futbolçuları da var. Məsələn, Reynaldo, Riçard Almeyda. Onların oyunu alınsa, "Dnepr"in müdafiəçilərinə asan olmayacaq. Komanda hazırda çempionatda ikinci yerdə gedir, cəmi 14 xal toplayıb. Amma bu, hələ mövsümün əvvəlidi. Əminəm ki, onlar itirilən xalları qarşıdakı turlarda sığortalaya biləcəklər. Liderdən cəmi 1 xal geridə olsa da, ehtiyatda da oyunu var. Həm də nəzərə almaq lazımdı ki, iki cəbhədə mübarizə aparmaq bu komanda üçün asan deyil. Burada hamı "Qarabağ"ın qrupdan çıxacağını gözləyir. "Qarabağ"ın özünün "Dnepr"lə oyundan nə gözlədiyini isə dəqiq bilmirəm. Proqnoz verməyi xoşlamıram. Çünki həmişə səhv edirəm (gülür). Ona görə bu komandaların qrupdan çıxmaq şansları barədə heç nə deyə bilmərəm. Mən sadəcə, bu iki komandaya uğurlar arzulaya bilərəm. Bu oyunda isə təbii ki, "Dnepr"ə azarkeşlik edəcəm".