Bakılılar Lənkəranda xal və qol sözü verdilər
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, bu gün “Bakı” səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq.
Cənublularla qarşılaşmaya hazırlıqları yekunlaşdıran İbrahim Uzuncanın yetirmələri ötən gün Lənkərana yola düşüb. Bu mühüm qarşılaşma ilə bağlı bəzi futbolçular klubun rəsmi saytına açıqlama verib. Futbolçular oyundan nikbin danışıb. Nurlan Novruzov isə “Bakı” azrkeşlərinə qol sözü də verib.
Vüqar Bəybalayev: "Xəzər Lənkəran” güclü oyunçulardan təşkil olunmuş komandadı. Bizim də gənclər və təcrübəlilərin vəhdətindən yaradılmış əzmkar kollektivimiz var. “Xəzər Lənkəran”la oyunun asan olmayacağını dərk edirik. Biz oraya yalnız və yalnız xal almaq üçün gedəcəyik. İnşallah, qələbə qazanan tərəf biz olarıq”.
Tural Qürbətov: “Bildiyiniz kimi iki həftədi ki, oyuna hazirlaşırıq, təlim-məşq toplanışındayıq. Ciddi hazırlaşmışıq. İnanıram ki, zəhmətimizin nəticəsini görəcəyik. Uşaqlarmız bu oyunu səbirsizliklə gözləyir. Rəqibi udmaq bizim üçün çox vacibdi. Qalib gəlməklə turnir cədvəlində bir neçə pillə irəliləyə bilərik. İnşallah, bu tapşırığın öhdəsindən gələrik”.
Nurlan Novruzov: “Rəqib Azərbaycanın böyük klublarından biridi, bu oyuna ciddi hazırlaşmışıq. İnşallah, istədiyimiz oyunu göstərib səfərdən qələbə ilə qayıdarıq. Bütün “Bakı” azarkeşlərinə qol söz verirəm. Onu da qeyd edim ki, mən və komanda üçün vacib olan 3 xaldı”.