Pavol Farkaş: Reynaldoya qarşı oynamaq çətin olacaq
"Qəbələ"nin müdafiəçisi Pavol Farkaşın azerisport.az saytına müsahibəsi
- "Qarabağ"la oyuna hazırsız?
- Bəli. Bizi bu rəqiblə çətin oyun gözləyir. Amma biz hər şeyə hazırıq.
- Ağdamlıların Avropa Liqasındakı çıxışını izləmisiz?
- Əlbəttə. Azərbaycanda oynadığımı nəzərə alsaq, burada baş verən hər şeyi izləməyə borcluyam. "Qarabağ" haqda ancaq xoş sözlər deyə bilərəm. Çox güclü komandadı. Hər mövqedə əla oyunçuları var. Amma biz də zəif deyilik.
- "Qəbələ"ni heç-heçə qane edir?
- Bir xal? Xeyr, biz paytaxta 3 xal üçün gəlmişik. Xal ehtiyatımızı daha da yaxşılaşdırmaq istəyirik.
- Son oyunlarda vacib xallar itirirsiz. Əvvəlki oyunlarda səbəb kimi uyğunlaşmanı göstərirdiz. Bəs indi?
- Hələ də zamana ehtiyac var. Komanda oyundan oyuna daha yaxşı təsir bağışlayır. Amma hərdən bəxtimiz heç gətirmir.
- Rəqibin Avroliqadakı çıxışı sizi qorxutmur?
- Qətiyyən yox. Biz onları məğlub edib, üç xal götürmək istəyirik. Baxmayaraq ki, "Qarabağ" əla komandadı.
- Reynaldonu dayandıra biləcəksiz?
- Əlbəttə, ona qarşı oynamaq çətin olacaq. Bunu etiraf etmək lazımdı. Reynaldo yaxşı hücumçudu, onun necə oynadığını görmüşəm. İstənilən halda biz "Qarabağ"a qarşı komanda olaraq mübarizə aparacağıq.