Vüqar Nadirov: Qaraya qol vuracağıma söz vermişdim
“Qarabağ”ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- “Simurq” üzərində qazandığınız minimal hesablı qələbə ilə bağlı nə deyə bilərsiz?
- “Simurq” çətin komandadı. Çox yaxşı müdafiələri var. Onlar bizə qarşı həmişə beş müdafiəçi ilə oynayırlar. Amma əsas odu ki, qələbə qazandıq.
- Almeyda və Çumbinyonun yoxluğu hiss olunurdu. Yalnız Riçard meydana çıxandan sonra oyununuz dəyişdi...
- Əlbəttə, Almeyda bizim üçün çox vacib oyunçudu. Amma komandamızda hər bir futbolçu istənilən anda meydana çıxmağa hazırdı.
- Qələbə qolunu siz vurduz...
- Reynaldo məni gördü və ötürmə verdi. Amma öncədən mən qapıya zərbə vurmaq haqda düşünməmişdim. Çünki rəqib qapıçı Amil Ağacanov küncü bağlamışdı. Mən isə kənarı nişan aldım və hədəfə düşdüm.
- Qollarınızın davamını gözləməyə dəyər?
- Bundan sonrakı oyunlarda mənim qol vurmağımın və ya ötürmə etməyimin ciddi fərqi yoxdu. Əsas odu, “Qarabağ”a faydalı olaq.
- Qol vurandan sonra niyə məhz Qara Qarayevə tərəf qaçdız?
- Ona qol vuracağıma söz vermişdim. Ona görə qol sevincimi onunla bölüdüm.
- Rəşad Sadıqov tribunadan hansısa göstəriş veri. Onu eşitdiz?
- Hə, eşitdim. Əlbəttə, axı o, kapitanımızdı.
- “San-Siro”da da sizdən qol gözləyək?
- Hər şey ola bilər. Buna çox ümidliyəm.