Muarem: İndiki İnter Neftçinin xal aldığı komandadan daha güclüdü
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, çox çətin oyun olacaq. Heç kimə sirr deyil ki, "İnter" bizim qrupun favoritidi. Düzdü, "Sent-Etyen" də bizimlə oyunda favorit hesab olunurdu. Amma onlar Bakıda məğlub da ola bilərdilər. Oyundan öncə hətta heç-heçəni də normal nəticə kimi qəbul edirdik. Amma oyun elə alındı ki, indi qələbə qazana bilmədiyimizə görə üzgünük. Çünki bunun üçün çox yaxşı şansımız vardı, yaxşı oynadıq. Milandakı oyunda da uğura inanmaq lazımdı. Niyə də olmasın? "Neftçi" bir neçə il öncə bu komandaya qarşı səfərdə oynayıb və 2:2 hesablı heç-heçəyə nail olub. Amma məncə, indiki "İnter" daha güclüdü. Heyətdə sürətli futbolçular çoxdu. İstənilən halda, sona qədər mübarizə aparacağıq".
Qeyd edək ki, "İnter" - "Qarabağ" matçı oktyabrın 2-də Milanda keçiriləcək.