MY-nin ulduz futbolçusu Bakıya gəlir
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti və İngiltərənin Mançester Yunayted futbol klubu arasında Bakcell şirkətinin dəstəyi ilə baş tutan yeni tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərəcək Mançester Yunayted Futbol Məktəbi açılacaq. Azerisport.az xəbər verir ki, ilkin mərhələdə, Akademiyanın istedadlar qruplarında hər birində 16 uşaq olmaqla 32 uşaq oxuyacaq.
İstedadlar qruplarında təhsil pulsuz olacaq. Uşaqlar hər bir kateqoriya üzrə Mançester Yunayted klubundan ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər.
Məşqlər Mançester Yunayted futbol məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistenti tərəfindən keçiriləcək. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaq (məşqdən əvvəl həftədə ən azı iki dəfə). İstedadlar qruplarının seçimləri 23 sentyabr tarixində Bayıl stadionunda keçiriləcək. İstedadlar qruplarına seçimlər prosesi başa çatdırıldıqdan sonra kommersiya əsaslı qrupların seçim prosesi başlayacaq.
Sentyabrın 23-də Bayıl stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovun, Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirerin və İngiltərənin "Mançester Yunayted" klubunun nümayəndələrinin iştirakı ilə Bakıda daimi fəaliyyət göstərəcək Mançester Yunayted Futbol Məktəbinin açılışına həsr olunmuş mətbuat konfransı keçiriləcək. MY nümayəndəsi kimi mətbuat konfransına Mikael Silvestr qatılacaq.