Cavid Hüseynov: Neftçi Flavinyonun dirəyə dəyən zərbəsindən başqa nə ilə yadda qaldı ki?
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynovun azerisport.az saytına müsahibəsi
- "Neftçi" ilə oyun haqda (0:0) nə deyə bilərsiz?
- Güclü komandaya qarşı oynadıq. Rəqibi yaxşı analiz etmişdik. Amma qələbə qazana bilmədik. Bütövlükdə, normal oynadığımızı düşünürəm.
- "Qəbələ" üstün oynasa da, qalib gələ bilmədi. Niyə?
- Hamıya yaxşı məlumdu ki, "Neftçi" topla oynamağı sevir. Buna baxmayaraq, 2-3 qol epizodumuz oldu. Sadəcə, yararlana bilmədik.
- Dorinel Muntyanu oyundan sonra 2 xal itirdiyinizi dedi. Razısız?
- Niyə razı olmayım? Sizcə, rəqib bizdən yaxşı oynadı?
- Onlar topa sizdən daha çox nəzarət edirdilər...
- Bunun mübahisəsini etməyəcəm. Amma topa nəzarət etmək üstünlük demək deyil. Rəqib Flavinyonun dirəyə dəyən zərbəsi istisna olmaqla, nə ilə yadda qaldı ki? Mən xatırlamıram. Qol epizodlarının sayına görə biz daha üstün idik. Ona görə də iki xalı bakılılar yox, biz itirdik.
- Artıq 6 tur geridə qalsa da, "Qəbələ" yaddalan oyun sərgiləmir...
- Baxın görün ötən mövsümlə müqayisədə nə qədər dəyişiklik olub? Elə mən özüm də yeniyəm. Zamana ehtiyac var. Heyət nə qədər bir yerdə oynasa, bir o qədər yaxşı olur. Yaxşı heyətimiz var. "Neftçi"nin də futbolçularına baxın, görün neçə ildi birgə oynayırlar. Ona görə nəticə də qazanırlar.
- Hazırda turnir cədvəlindəki yerinizdən razısız?
- Xeyr. Təəssüf ki, AZAL-a məğlubiyyət bizi çox geri saldı. Qorxuram ki, biz yaxın müddətdə hələ bu oyunu tez-tez xatırlayaq.