Anar Bəkirov: Növbəti turda da qələbə qazanmasaq, pul cəriməsi olacaq
"Simurq"un prezidenti Anar Bəkirovun azerisport.az saytına müsahibəsi
- İlk iki turda 6 xal topladız, ardından üç oyunda uduzursuz. "Simurq"da nə baş verir?
- "Neftçi" ilə oyundakı məğlubiyyəti bəxtsizliklə əlaqələndirmək olar. Amma son iki görüşlərdə nə nəticə var, nə də oyun. Ötən gün "Qarabağ"ın demək olar ki, əvəzedici heyətinə uduzduq. Halbuki, bu oyundan 3 xalla qayıtmaq üçün gözəl şansımız vardı. Amma uduzduq.
- Sizin buna reaksiyanız necə oldu?
- Oyundan sonra toplantı keçirdik. Komandaya inandığımızı bildirdik. Ümid edirik ki, növbəti oyunlarda vəziyyət yaxşılaşacaq. Məşqçilər korpusu xəbərdarlıq aldı. Komanda qarşısına avrokuboklar zolağına düşmək tapşırığı qoyulub. Amma əsas rəqiblərimizə uduzmaqla buna nail ola bilmərik.
- Bu xəbərdarlıq nə dərəcədə ciddidi?
- Georgi Çixradze üçüncü ildi "Simurq"da işləyir. Artıq nəticə vermək vaxtıdı.
- Deməli, növbəti turlarda da nəticə olmasa, gürcü mütəxəssis istefaya göndəriləcək?
- Mən elə insanam ki, mövsümün gedişində ciddi dəyişiklər gözlənilmir. Amma bizə nəticə lazımdı. Komanda üçün hər cür şərait yaradılıb. Hər kəs maaşını vaxtında alır. Hər bir heç-heçə, qələbəyə görə mükafat verilir.
- Bəs futbolçular üçün nə cəza tətbiq olunacaq?
- "Sumqayıt"a qalib gəlməsələr, pul cəriməsi olacaq...
- Vəziyyətin düzələcəyinə ümid var?
- Bizim AZAL, XL və "Neftçi"yə qarşı oyunlarımızı hamı görüb. Bu oyunlar göstərdi ki, biz futbol oynamağı bacarırıq. İndi nə baş verdiyini bilmirəm. Doqquz rəqibimiz var. Onların hamısına qarşı eyni güclə oynamağımız mümkün deyil.