Mahmud Qurbanov: Qarabağ qrupdan çıxmaq istəyirsə, mütləq ilk oyunda qalib gəlməlidi
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanovun azerisport.az saytına müsahibəsi
- "Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki ilk oyunu olan Fransa "Sent-Etyen"i ilə görüşündən nə gözləyirsiz?
- Yeganə təmsilçimizə uğurlar arzulayıram. Onlar artıq bu mövsüm uzun bir yol qət ediblər. Komandamızın ən azı uduzmayacağına ümidliyəm. Amma unutmamalıyıq ki, Fransa təmsilçisinə qarşı oynayacağıq. Buna baxmayaraq, yaxşı oyun və qələbə gözləyirəm.
- "Qarabağ" cəbhəsi daha çox ehtiyatlı açıqlamalar verir...
- Hamı qələbə qazanmaq istəyir. Ehtiyatlı açıqlamalara gəlincə, Fransa çempionatı hazırda dünyanın 5 ən güclü çempionatından biri hesab olunur.
- Qrupdan çıxmaq üçün əsas rəqiblərdən birinə qalib gəlmək vacibdi. Bu fikirlə razısız?
- Bundan sonra daha beş oyun var. Amma "Sent-Etyen"i məğlub etmək həqiqətən lazımdı. Pley-offa adlamaq üçün buna ehtiyac var.
- Yığmanın məşqçisi kimi bu oyundan nə gözləyirsiz?
- Yığma futbolçularından yaxşı oyun gözləyirəm. Çünki qarşıda AÇ-2016-nın seçmə mərhələ oyunları var. Onların Avroliqadakı yaxşı çıxışı millidəki çıxışlarına da müsbət təsir göstərə bilər.
- Son zamanlar baş məşqçi Berti Foqtsa hansısa yeni futbolçu təklif etmisiz?
- Bəli, elə oyunçuların sayı az deyil. Amma ad çəkməyəcəm. Aralarında "Neftçi"nin, "Simurq"un futbolçuları da var. Onların daha çox oyunda özlərini yaxşı tərəfdən göstərməsinə ehtiyac var.
- Bolqarıstanla ev oyunundakı məğlubiyyətdən sonra İtaliya və Xorvatiya ilə görüşlər öncəsi pessimist düşüncələr yoxdu?
- Xeyr. Başa düşürük ki, qrupun favoritlərinə qarşı oynayacağıq. Bolqarlarla oyunu unutmaq lazımdı. Bu oyunlarda əlimizdən gələni edəcəyik.