Qurban Qurbanov: Sent-Etyen haqda kifayət qədər məlumatımız var
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Oyun ərəfəsində böyük ajiotaj var. Bizi çətin rəqiblə maraqlı oyun gözləyir. Yaxşı hazırlaşmışıq. Hamını sevindirməyə çalışacağıq. Bizim avrokuboklar təcrübəmiz var. Amma qrup mərhələsində heç vaxt oynamamışıq. Burada hər şey fərqlidi".
"İndi texnologiya o qədər inkişaf edib ki, hər bir komanda barədə informasiya toplamaq asandı. "Sent-Etyen" indi daha yaxşı oyun sərgiləyirlər. Onların Fransa çempionatındakı son oyunlarına baxmışam".
"Onlar bizim AZAL ilə oyunumuzu izləməyə adam göndərmişdilər. Həmin vaxt bizim təmsilçimiz də Fransada idi. Rəqib haqda kifayət qədər məlumatımız var".
"Rəqib standart vəziyyətlərdə çox güclüdü. Hərdən bu baxımdan yaxşı oynayırıq, hərdən yox. Qapıçımızın işi çox olacaq. Problem təkcə oyunçuların boyunun qısa olmasında deyil. Çalışmalıyıq ki, rəqib standart vəziyyətlərdən çox istifadə etməsin".