Əfran İsmayılov: Xəzər Lənkəran 7-ci olmamalıdı
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
- "Neftçi"yə məğlub olduğunuz (0:1) oyunda siz kifayət qədər yaxşı təsir bağışladız. Deyəsən, özünüzə gəlirsiz...
- Öz üzərimdə çox çalışıram. "Xəzər Lənkəran"a faydalı olmağa çalışıram. İstəyirdim ki, "Neftçi" ilə oyunda da özümü yaxşı tərəfdən göstərim. Meydanda bütün gücümü qoydum.
- Bəs niyə start heyətdə yox idiz?
- Mən buna hazır idim. Əsas heyətdə meydana çıxa bilərdim. Amma baş məşqçinin fikri fərqli oldu. Bunda da heç bir problem yoxdu. İkinci hissədə meydana çıxsam da, əlimdən gələni etdim.
- Məğlubiyyətinizə nə səbəb oldu?
- Futbolun yazılmamış qanunu işə düşdü - vurmayana vurarlar. Biz bu oyunda çoxlu qol epizodu yaratdıq. Rəqibdən daha yaxşı oynasaq da, uduzduq. Özü də matçın böyük hissəsini rəqib azlıqda oynadı. Hətta penaltini də qaçırdıq.
- Yəqin ki, belə bir oyunda uduzduğunuza görə komandada atmosfer yaxşı deyil. Özü də prinsipial rəqibə...
- Komandadakı atmosfer qaydasındadı. Oyunçular baş məşqçinin tapşırıqlarını yerinə yetirirlər. Amma hələlik bəxtimiz gətirmir.
- Bu uğursuz nəticələrdən sonra nəyə ümid edirsiz?
- İndiki vəziyyətimiz ürəkaçan deyil. Biz bu heyətlə yeddinci yeri tutmamalıyıq. Bütün mövsümü indiki mövqeyimizdə qala bilmərik. Əminəm ki, tezliklə üst pillələrə yüksəlməyə başlayacağıq.
- Futbolçuların "Neftçi" məğlubiyyətinə görə klub tərəfindən pul cəriməsi ilə cəzalandırıldığı barədə məlumatlar nə dərəcədə doğrudu?
- Hətta atam da mənə zəng edib bu barədə soruşdu. Amma belə bir şey yoxdu. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı oynayaq.