AFFA prezidenti: Ümidvaram ki, MY-nin həyata keçirəcəyi işlər çox qısa zamanda bəhrəsini verəcək
AFFA-nın prezidenti Rövnəq Abdullayev Bakıda "Mançester Yunayted" futbol məktəbinin açılması ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bakcell şirkətinin dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli Mançester Yunayted klubunun birgə həyata keçirdikləri bu layihə – Mançester Yunayted Futbol Məktəbinin Bakıda fəaliyyətə başlaması – ölkənin futbol həyatında çox önəmli bir hadisədi. Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaq. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən əvvəl uşaqlara ingilis dili dərsləri keçiriləcəkdir ki, bu da, həmçinin, təqdirəlayiq bir haldır. Ümidvaram ki, Mançester Yunayted Futbol Məktəbinin Azərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada oxuyan uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz, AFFA-nın adından Bakcell şirkətinə və Mançester Yunayted klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk”.