Rəşad Sadiqov: Penaltini qaçırmasaydıq, tam fərqli nəticə olacaqdı
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
- "Neftçi"yə 0:1 hesabı ilə məğlub olduz. Bu oyunu necə şərh edərdiz?
- "Xəzər Lənkəran" və "Neftçi ” arasındakı oyunlar həmişə belə gərgin alınır. Oyuna pis başladıq. Yalnız buraxılan qoldan sonra özümüzə gəldik. Qalib də gələ bilərdik. Sadəcə, bunu edə bilmədik. Epizodlarımız da oldu. Amma yararlana, qələbə qazana bilmədik.
- Rəqib azlıqda qalsa da, bundan yararlana bilmədiniz. Niyə?
- Penaltini dəyərləndirə bilməməyimiz həlledici oldu. Onu vursaydıq, hər şey tam fərqli olacaqdı. Bu, psixoloji baxımdan komandanı sındırdı. İkinci hissədə topa tam nəzarət edən tərəf idik. Amma qol vura bilmədik.
- Penaltini niyə Rauf Əliyev yox, Qalin İvanov yerinə yetirdi?
- Bu, baş məşqçinin fikri idi.
- XL mövsümə uğursuz başlayıb...
- Bu, bizi də çox məyus edir. İşlərimiz heç də yaxşı getmir. Belə heyətlə sadəcə, 4 xal toplamaq mövsümün startını boşa verməkdi. Amma hələ də vəziyyətdən çıxış yolu tapmağımız mümkündü. "Simurq"la oyunda məğlubiyyətə layiq idiksə, qalan bütün oyunlarda layiq olmadığımız halda xal itkiləri ilə üzləşmişik.
- Sabiq komandana qarşı oynayarkən hansı hissləri keçirdiz?
- Açığı, elə bir şey yoxdu. Digər oyunlara necə, bu matça da elə hazırlaşıb, çıxdım. Sadəcə, bu dəfə fərqli komandada oynayırdım.