Ansi Aqolli: Reynaldonun Azərbaycan yığmasına gedişini ancaq alqışlaya bilərəm
Futbol üzrə Albaniya yığmasının və "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi
- İlk növbədə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Portuqaliya üzərində qazandığınız qələbə münasibətilə sizi təbrik edirik...
- Sağ olun. Əlbəttə, bu, bizim üçün əla nəticədi. Belə bir rəqibə səfərdə qalib gəlmək adi məsələ deyil. Hamı bu komandanın gücünə bələddi. Çox şadıq ki, belə bir sensasiyaya imza ata bildik.
- Qarşıda sizi Danimarka ilə oyun gözləyir..
- Allah eləsin ki, oktyabrdakı oyunda da qələbə qazanaq.
- "Qarabağ"dakı komanda yoldaşlarınız sizi bu münasibətlə təbrik edirik...
- Əlbəttə. Oyundan bir gün sonra uşaqlar buna görə məni təbrik etdilər.
- Sentyabrın 18-də "Qarabağ"ı Fransa "Sent-Etyen"i ilə qarşılaşma gözləyir. Bu oyunda sizdən nə gözləyək?
- Bütün oyunlarımız çətin olacaq. Avroliqanın qrup mərhələsində asan oyun gözləməyə dəyməz. Amma "Sent-Etyen"lə oyunda qələbə qazanmağa çalışacağıq. Qrup mərhələsindəki oyunlarımızı uğurlu keçirmək istəyirik.
- Ukrayna "Dnepr"i, İtaliya "İnter"i ilə oyunlar haqda nə deyə bilərsiz?
- Söhbət Avroliqadan gedirsə, burada bizə asan heç nə ola bilməz. Hazırda bütün diqqətimiz "Sent-Etyen"lə oyuna yönəlib. Ona görə hələlik, digər rəqiblər barədə düşünmürük. İstənilən halda biz Avroliqada uğurlu çıxış etmək üçün əlimizdən gələni etməyə çalışacağıq.
- Yəqin ki, Reynaldonun Azərbaycan millisində oynamaq istəməsindən xəbəriniz var. Bunu necə qarşıladınız?
- Söhbət Reynaldodan gedirsə, burada artıq nəsə söyləməyə dəyməz. Çox şadam ki, o, Azərbaycan yığmasında oynamaq şansı qazanacaq. Bunu ancaq alqışlaya bilərəm. O, son iki ildə Azərbaycanın ən güclüsüdü. Fikrimcə, yığmanız onun gəlişi ilə çox güclənəcək.