Aqil Məmmədov: Hakimlər Qarabağa simpatiya bəsləyirlər
"Bakı"nın qapıçısı Aqil Məmmədov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində qarşılaşdıqları "Qarabağ"la oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesabıyla başa çatan oyunla bağlı bunları söyləyib:
"Qarabağ"la oyunumuz yaxşı alındı. Düzdü, birinci hissədə rəqib bizi çox sıxdı, hesabı açan tərəf oldu. Amma biz fasilədən sonra toparlanıb, oyunda dönüş yaratdıq. Uşaqlar göstərdilər ki, futbolda adlar hər şeyi həll etmir. Sona kimi oynadıq. Qələbə də qazana bilərdik. Amma iki xal itirdik. Təəssüf ki, uşaqlar rəqibdən çəkinirdi. Həm də çoxunun təcrübəsi yoxdu. Həm də qoy heç kim "Qarabağ"ın futbolçularının yorğun olduğunu deməsin. Hakim səhvlərinə gəlincə, heyətimiz gənclərdən təşkil olunub. Bizi sıxmaları düzgün deyil. "Qarabağ" Azərbaycan çempionudu, Avropa Liqasının qrup mərhələsində oynayır, maliyyə vəziyyəti bizdən daha yaxşıdı. Şübhəsiz ki, hakimlər onlara daha çox simpatiya bəsləyirlər. Həm də hakim də insandı, səhv edə bilər".