Artyom Fedetski: Qarabağın heyətinin az qala yarısı braziliyalıdı
Ukraynanın "Dnepr" klubunun müdafiəçisi Artyom Fedetski Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən və şanslarından danışıb. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ", İtaliya "İnter"i və Fransa "Sent-Etyen"i ilə qarşılaşacaq dneprlilərin üzvü öncə bunları söyləyib:
"Qarabağ"da çoxlu braziliyalıların oynadığını bilirəm. Az qala komandanın yarısı legionerdi. Necə oynadıqlarını isə görəcəyik. Dünya çempionatında da necə sürprizlərin olduğunu nəzərə alsaq, turnir zamanı bu komandaya da yaxından bələd olmağımız lazımdı. "Sent-Etyen" də güclü komandadı, güclü çempionatda çıxış edir. Bir sözlə, maraqlı qrupa düşdüyümüzü düşünürəm. Amma "Dnepr" heç vaxt asan qrupa düşməyib. Bütün rəqiblər bərabər səviyyədədi, ona görə mübarizə aparmaq lazımdı. Aydın məsələdi ki, hər bir klubun hədəfi qrupdan çıxmaq olacaq".
"Rəqibləri komanda yoldaşlarımızla da müzakirə etdik. Hamı "İnter"dən, "Sent-Etyen"dən danışırdı. "Qarabağ" haqda heç kim xüsusi danışmadı. Halbuki, bu, adi komanda sayıla bilməz. Oyunlarımız ərəfəsində həm "Qarabağ"ı, həm "Sent-Etyen"i, həm də "İnter"i analiz edəcəyik. İtalyanlar hər həftə A Seriyasında möhtəşəm matça çıxacaqlar, bunu özümüz də görə bilərik. Amma digər iki rəqibimizi xüsusi öyrənməyə ehtiyac var".
"Püşkün nə dərəcədə yaxşı və ya pis olduğu haqda düşünməmişəm. Fərqi yoxdu, kiminlə düşmüşüksə, oynamalıyıq. Əlbəttə, daha çox güclü komandalarla oynamaq istərdim. Məsələn, "İnter"də çoxlu tanınmış futbolçular çıxış edir, "Sent-Etyen" də səviyyəli komandadı. Belə komandalara qarşı oynamaq hamı kimi, mənə də maraqlı olacaq".