Serbiya səfirliyi Partizana görə narahatdı
Serbiyanın Azərbaycandakı Səfirliyi "Partizan"nın Bakıda məşqi zamanı azarkeşlərin hərəkətlərindən narahatlığını ifadə edib. Azerisport.az xəbər verir ki, səfirlikdən "Trend"ə daxil olan məlumata görə, Serbiya Səfirliyi avqustun 27-də axşam radələrində "Neftçi"nin Bakı şəhərində yerləşən stadionunda "Partizan"ın məşqləri zamanı baş vermiş xoşagəlməz insidentə görə təəccüblənib.
Məlumatda deyilir: "Neftçi"nin azarkeşləri təhqiredici mahnılar oxumaqla yanaşı, futbol meydançasına şüşə butulka, daş və digər predmetlər atıblar. Məşqlər bitdikdən sonra otelə qayıdan zaman futbolçuları aparan avtobus daş zərbələrinə məruz qalıb və zədələnib".
Serbiyanın Azərbaycandakı Səfirliyi "Partizan"ın oyunçuları və azarkeşlərinin Bakıdan çıxana qədər təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsini gözləyir: "Biz ümid edirik ki, insident qəsdən təşkil olunmayıb, lakin bildirmək istərdik ki, daha bir cəhd Serbiya və Azərbaycan arasındakı xoş münasibətləri poza bilər, bu səbəbdən qaydaları pozanların tapılmasını və müvafiq yolla nəzarət altına alınmasını gözləyirik".