"Bu gün futbolumuzun tarixi bir günü ola bilər"
Futbol üzrə Azərbaycan yığmasının sabiq futbolçusu Vidadi Rzayev "Neftçi" və "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə çıxmaq şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avropa Liqasında komandalarımızı məhz yerli mütəxəssislərin uğura daşıması çox xoşdu. Böyükağa Hacıyevlə Qurban Qurbanova uğurlar arzulayıram. Təəssüf ki, "Qarabağ" "Tvente" ilə ilk oyunda qələbə qazana bilmədi, "Neftçi" "Partizan" üzərindəki qələbəni əldən verdi. Hər iki təmsilçimiz qrup mərhələsinə vəsiqəni böyük ölçüdə ilk oyunda həll edə bilərdi. Bir komandaya üstünlük verməli olsaq, "Neftçi"nin şansı "Qarabağ"la müqayisədə daha çoxdu. Amma mən hər iki klubumuzu Avroliqanın qruplarında görmək istəyirəm. Buna nail olsaq, futbolumuzda tarixi bir gün yaşamış olarıq".