Böyükağa Hacıyev: Rəqib bizi qorxutmur
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ı ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Bu, bizim üçün ikinci belə tarixi oyundu. İlk belə görüşümüz iki il öncə Kipr APOEL-inə qarşı olmuşdu. "Partizan" kompakt komandadı. Mətbuatda onların maliyyə problemlərinin olması çox şişirdildi. Halbuki, onlar bura çarter reysi ilə gəliblər, "Hilton" otelində məskunlaşıblar. Rəqib bizi qorxutmur. Belqradda qələbəni biz özümüz onlara hədiyyə etdik. Beş qoldan dördünü özümüz vurduq. Səhvləri təkrarlamamağa çalışacağıq. Şadam ki, sabah Karlos Kardoso da oynaya biləcək. Bu, müdafiədəki problemlərimizi həll etməyə bizə müəyyən yardım göstərəcək. Bizi növbəti mərhələyə minimal hesablı qələbə də çıxarır. Ciddi hazırlaşmışıq. Azarkeşlərdən də dəstək gözləyirik".