Dorinel Muntyanu: Elnur Allahverdiyevi əsas heyət oyunçusu kimi görmürəm
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu komandasının müdafiəçisi Elnur Allahverdiyevin əsas heyətə düşə bilməməsindən danışıb. Azerisport.az saytına açıqlamasında rumıniyalı mütəxəssis yığmamızın da şərəfini qoruyan müdafiəçidən narazı olduğunu gizlətməyib:
"Elnur Allahverdiyev daimi oyun təcrübəsinin olmamasından narazılığını bildirdi. Amma mən bütün futbolçulara oyun təcrübəsi söz verə bilmərəm. Rəqabət şəraitində hər kəs buna hazır olmalıdı. Ona heç bir söz verməmişəm. Əgər o, klubunu dəyişmək istəsə, buna qarşı çıxmayacağıq. Mümkündü ki, o, özünə yeni klub axtarsın. Bundan sonrakı qərar futbolçunun özünün və rəhbərliyin ixtiyarındadı. Hazırda isə mən onu əsas heyət oyunçusu kimi görmürəm. Daha güclü oyun sərgiləyən uşaqlar var. Əgər o, ehtiyatda qalmaqla barışmırsa, ya əsas heyətə düşmək üçün daha çox çalışmalıdı, ya da özünə başqa klub axtarmalıdı. Başa düşdüyüm qədərilə, Elnur hər oyunda oynamaq istəyir. Amma ona heç nədə kömək edə bilmərəm".