Qurban Qurbanov: Tvente matçı öncəsi gərginlik daha çoxdu
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının 3-cü turunun "Araz Naxçıvan"la oyunu təxirə salındı. Bunun komandanıza nə faydası oldu?
- Təbii ki, bu, bizim xeyrimizədi. Komanda daha çox istirahət, hazırlıq imkanı qzandı. PFL rəhbərliyinə təşəkkürümü bildirirəm ki, bizə güzəştə getdilər.
- Azərbaycan klubları həftədə iki oyun keçirməkdən niyə yayınırlar?
- Deməzdim ki, yayınırıq. Biz bu qrafiklə az oynamamışıq. Ötən mövsüm demək olar ki, təxirəsalma olmamışdı. Amma hərdən elə vəziyyət yaranır ki, komandada psixoloji problemlər yaranır, buna ehtiyac duyuruq. Qarşıda da elə sıx qrafiklə oyunlarımız olacaq və ümidvaram ki, oynamağı bacaracağıq.
- Komanda "Tvente" ilə cavab oyunu öncəsi özünü necə hiss edir?
- Hamısı yaxşıdı. Bütün zədəlilərimiz sıraya dönüb. Artıq Çumbinyo ilə İlqar Qurbanov da komanda ilə birgə hazırlaşır.
- "Zalsburq"la səfər oyunu ərəfəsi yəqin ki, yadınızdadı. "Tvente" ilə cavab oyunu öncəsi nə kimi fərqlər var?
- Əgər "Zalsburq"la oyun ərəfəsində biz məğlub olacağımız halda Avropa Liqasında mübarizəni davam etdirəcəyimizə arxayın idiksə, indi elə bir şansımız da qalmayıb. Üçüncü şansımız olmayacaq. Ona görə bu səfər oyunu öncəsi gərginlik daha çoxdu. Amma deməzdim ki, bu gərginlik sözünü deyəcək. Bu, "Qarabağ"ın ilk pley-off oyunu deyil. Kifayət qədər təcrübə toplamışıq.
- Sizcə, "Tvente" cavab oyununda necə oynayacaq?
- Onların müdafiədən oynayacağını düşünmürəm. Bakıda çox qapalı futbol sərgilədilər. Amma nəticə qazanmaq üçün yenidən müdafiə futboluna üstünlük vermələri də mümkündü. Nəticəyə oynamağı bacaran komandadı.
- Bəs "Qarabağ" necə oynayacaq?
- Dəyişikliklər olacaq. Bizim cavab oyununda daha sürətli futbol sərgiləmək imkanımız olacaq. İlk oyunda belə imkanımız yox idi.
- Cümə günü Avroliqanın qrup mərhələsinin püşkatması olacaq. Sizcə, Azərbaycan "Qarabağ"ı orada görə biləcək?
- Siz necə düşünürsüz?
- Biz ancaq ümid edə bilərik...
- Elə biz də ümid edirik ki, buna nail olacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Öncədən nəsə deməyi xoşlamıram. Amma Allah eləsin ki, biz də qrup mərhələsinə vəsiqə qazana bilək.