Neftçi UEFA-ya müraciət edəsi olmadı
"Neftçi" rəhbərliyi Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov, eləcə də bundan sonra bu arenanın ot örtüyünə nəzarət edəcək ingilis mütəxəssislərlə görüş keçirib. Azerisport.az xəbər verir ki, görüş zamanı arenanın ot örtüyünün "ağ-qaralar"ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ı ilə cavab oyununa qədər yaxşılaşdırılması məsələsi müzakirə olunub.
Bu barədə saytımıza danışan klubunun rəsmisi Tahir Süleymanov məlumat verib: "Üçtərəfli görüş zamanı məlum oldu ki, qazon oyun saatına kimi qaydasına salınacaq. Bu üzdən də biz qarşılaşmanın "Bakcell Arena"da keçirilməsi üçün UEFA-ya müraciət ünvanlamadıq. Oyun öncədən nəzərdə tutulduğu kimi, mərkəzi arenada keçiriləcək. Komandamız isə oyuna İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda hazırlaşacaq. "Tofiq Bəhramov" bütün standartlara cavab verir. Həm də biz bu oyunumuzu 30 min azarkeş ordusunun dəstəyi altında keçirmək istəyirik".
Ötən gün oyunun "Bakcell Arena"da keçirilməsi məsələsi gündəmə gəldiyi üçün mərkəzi arenaya bilet satışı dayandırılmışdı. Bu gündən bilet satışı qaldığı yerdən davam etdiriləcək.
Qeyd edək ki, "Neftçi"nin "Partizan"la cavab oyunu avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk oyunda 2:3 hesabıyla uduzmasına baxmayaraq, komandamızın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şansı var.