Robert Şilder: Favorit biz olsaq da, rəqib daha güclü oynadı
Hollandiyanın "Tvente" klubunun müdafiəçisi Robert Şilderin azerisport.az saytına müsahibəsi
- "Qarabağ"la ilk oyununuz qolsuz başa çatdı...
- Qol vurulmasa da, əla oyun oldu. Sona kimi mübarizə apardıq. Fikrimcə, oyun hər kəsin xoşuna gəldi. Sizin xoşunuza gəlmədi ki?
- "Qarabağ" qələbə qazanmalıydı...
- Futbolda istədiyini həmişə ala bilmirsən. Özü də bu oyunun favoriti biz hesab olunurduq. Amma gördüyünüz kimi, hesab açılmadı.
- "Tvente" Bakıya bunun üçün gəlmişdi?
- Oyundan öncə "Qarabağ"ın oyunlarına baxmışdım. Bilirdim ki, çətin rəqibdi. Amma bu dərəcədə çətin rəqib olduqlarını bilmirdim. Buna görə boşluqlar yaratmamaq üçün müdafiədən çıxmamağa çalışrdıq. Bakıya qələbə üçün gəlmişdik. Lakin rəqibin necə oynadığını nəzərə alsaq, 0:0 da uğurlu nəticədi. "Qarabağ" çox güclüdü.
- Ağdamlılar hesabı açmağa bir neçə dəfə yaxın oldular...
- Rəqib çox yaxşı oynadı. Amma real qol vəziyyətlərinin çox olduğunu deməzdim. Sadəcə, bir epizodda düşündüm ki, qol buraxırıq. Lakin həmin epizodda 17 nömrəli futbolçunuz (Vüqar Nadirov - red.) qapıçımızla üz-üzə qalsa da, şansdan yararlana bilmədi. Qol buraxmadığımıza görə çox şadam. Rəqib bizi daha çox əks-hücumlar üzərində oynamağa məcbur edirdi.
- Cavab oyunundan nə gözləyirsiz?
- Enshededə, doğam stadionumuzda bizi dəstəkləyən azarkeşlərimiz çox olacaq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Bakıdakı atmosfer necə idi?
- Bir sözlə - super! "Zalsburq"la oyunda da tribunaların dolu olduğunu görmüşdüm. Bilirdim ki, bizim oyunumzda da elə olacaq.
- "Qarabağ" "Tvente"ni səfərdə məğlub edə bilər?
- Əlbəttə! Futbolda hər şey mümkündü. Amma indidən heç nəyi proqnozlaşdırmaq olmaz.