"Çox yaxşı çempionatınız var"
"İnter"in müdafiəçisi Aleksandr Amisulaşvili Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən oyunla bağlı bunları söyləyib:
"Belə istidə qaçmaq çox çətin idi. Mənim fikrimcə, belə istidə keçirilən oyundan nə oyunçular, nə fanatlar zövq ala bildi. Düzdü, "Qarabağ" topa daha çox nəzarət edirdi. Biz də pis oynamadıq. Əsas odu ki, uduzmadıq. Etiraf edim ki, oyunun sonlarında Reynaldonu saxlaya bilmədim və o, az qala qol vuracaqdı. Amma bu, futboldu, səhvsiz olmur. Yaxşı ki, qapıçımız inamlı çıxış etdi. Cəmi iki oyuna çıxsam da, çox yaxşı çempionatınız var. Burada güclü futbolçular çıxış edir. Öncə ilk üçlüyə düşmək haqda, daha sonra isə çempionluq haqda düşünmək lazımdı".