Qurban Qurbanov: Az səhv edib, hər epizodu dəyərləndirməliyik
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"sinə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
- Bizim üçün vacib oyundu. Hazırlığımızı davam etdiririk. "Tvente" bizim üçün köhnə tanışdı. Onlarla oynamışıq və uduzmuşuq. Son oyunlarına baxmışam. Dəyişiklik çoxdu. Çoxlu gənc futbolçuları var. Bu görüşə ciddi yanaşırıq. Çalışacağıq ki, az səhv edək, əlimizə düşəcək fürsətlərdən maksimum yararlanaq. Maraqlı oyun olacaq.
- Sağ cinahda kim oynayacaq?
- Maksim Medvedevin oynamaq şansı var. Sabah aydınlaşdıracağıq.
- Avstriya "Zalsburq"u ilə ilk oyunlardakı qırmızı vərəqələrə görə çox əziyyət çəkdiz və Çempionlar Liqasından kənarda qaldız. Buna görə oyunçularınızla xüsusi söhbət etmisiz?
- Danışmışam. Onlar özləri də başa düşürlər ki, belə etmək olmaz. Müəyyən epizodlar konsentrasiyanı itirirdik. Bu oyunda daha diqqətli olmalıyıq.
- "Qarabağ"ın 5 il əvvəllə müqayisədə gücləndiyi, "Tvente"nin zəiflədiyi yönündə fikirlərlə razısız?
- Bu fikirlər bizi aldatmamalıdı. Hollandiya çempionatının səviyyəsi bizə məlumdu. "Tvente" nə qədər dəyişsə də, bu turnirdə həmişə medallar uğrunda mübarizə aparır. Onlar istənilən halda güclüdülər. Beş il öncə onların hər bir futbolçusunu tanıyırdıq. İndi isə elə deyil. Bizə gəlincə, 2009-cu ildə cəmi bir legionerimiz var idi - Admir Teli. Üstünlük daha çox yerli, gənc futbolçulara verilmişdi. İndi isə daha çox təcrübəli futbolçulardan qurulmuş komandamız var.
- "Qarabağ" sabah necə oynayacaq?
- Aqressivlik futbolda vacibdi. "Tvente" topla oynamağı xoşlayır. Ona görə həddən artıq aqressiv oynamağımız lazım deyil. Onlar bizi səhvlərimizə görə cəzalandıra bilərlər.
- Sizin idman direktorunuz Con van Leon hollandiyalıdı. O, sizə kömək edib?
- Bu, bizim tərəfimizdən düzgün addım olmazdı. Mən də onun yerində ola bilərdim. Belə nüansları nəzərə alıb, ona müraciət etmədik. İnformasiyanı başqa yollarla əldə etməyə çalışdıq.
- Bu gün Azərbaycan yığması da Özbəkistanla qarşılaşacaq. Nə gözləyirsiz?
- Yığmamıza uğurlar arzulayıram.