Araz Abdullayev: Belqradda bizi nə gözlədiyini yaxşı bilirik
"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayevin azerisport.az saytına müsahibəsi
- Premyer Liqanın yeni mövsümündə ilk qələbənizi "Bakı" üzərində qazandız...
- Bu oyuna köklənmək bir qədər çətin idi. Gah deyirdilər oyun olacaq, gah deyirdilər olmayacaq. Amma hazırlaşdıq, oynadıq. Konsentrasiya istənilən səviyyədə deyildi. Ona görə də bir az zəif oynadıq.
- Bu, zəif oyunun yeganə səbəbidi?
- Bu cür qazonda oynamaq da çətinlik yaradırdı. Çox yumşaq idi.
- Onda Serbiya "Partizan"ı ilə Avroliqa matçınızın Tofiq Bəhramov adına Respublika stadionunda oynanılması ürəyinizcə olacaq?
- Bunu eşidəndə çox sevindim. Fikrimcə, biz mərkəzi arenada daha yaxşı oynayacağıq.
- "Neftçi" avrokuboklarda iştirakını davam etdirdiyi müddət ərzində çempionat ikinci planda qalacaq?
- Xeyr. Buna yol vermək olmaz. Avroliqada çıxışımızı davam etdirməyimiz yaxşıdı, amma çempionatda da xal toplamaq lazımdı. Sonra gec ola bilər.
- "Partizan"ın da "Bakı" kimi, maliyyə problemləri var. Bu, oyuna köklənməyinizə mane olmayacaq?
- Bu, Avroliqadı. "Partizan" da tanınmış klubdu. Bizi Belqradda nə gözlədiyini yaxşı bilirik. Növbəti oyuna köklənməyimizlə bağlı hər şey qaydasında olacaq.
- İlk oyunda "Neftçi"dən nə gözləyək?
- İlk oyun səfərdədi, biz də son dövrlər səfər oyunlarında daha yaxşı nəticələr qazanırıq. Ümid edirəm ki, ənənəni davam etdirərik. Belqraddan yaxşı nəticə ilə qayıtmağa çalışacağıq.
- İndiki "Partizan" barədə nə bilirsiz?
- Onların maliyyə problemləri ola bilər. Amma inanın ki, bizə bu komanda ilə oyunlarda çox çətin olacaq. Buna baxmayaraq, Azərbaycan xalqını növbəti uğurlarımızla sevindirmək üçün əlimizdən gələni edəcəyik.