David Janelidze: Daha çox qol vurub, milliyə dəvət almaq istəyirəm
"Araz Naxçıvan"ın hücumçusu David Janelidze Gürcüstan yığmasından dəvət gözləyir. Bu barədə futbolçunun özü azerisport.az saytına açıqlamasında bəyan edib:
"Bilirəm ki, "İnter"in hücumçusu Baçana Sxadadze məhz Azərbaycandakı oyunu sayəsində Gürcüstan yığmasına çağırılmağa başlayıb. Çalışacam ki, məni də millimizə dəvət etsinlər. Premyer Liqadakı ilk oyunumda - "Neftçi" ilə görüşdə dubla imza atdım. Bütün rəqiblərə qol vurmağa çalışacam. Qarşıda bizi "Qəbələ" ilə oyun gözləyir, özü də səfərdə. Amma biz qələbə qazanmağa çalışacağıq. Əsas qol vurmaq və komandamın qələbəsində pay sahibi olmaqdı".
Janelidze həmçinin qeyd edib ki, "Neftçi" Naxçıvandakı oyunda onlara yuxarıdan aşağı baxıb: "Neftçi" bizi düzgün qiymətləndirmədi. Halbuki, biz bu oyuna yüksək motivasiya ilə çıxmışdıq. Sonradan eşitdim ki, qonaqlar ikinci heyəti gətiribmiş. Amma bu, vacib deyil. Qələbə qazanmaq istəyirdik, qazandıq. Naxçıvanda hər şey xoşuma gəlir. Stadionumuz, bazamız var. Oynamağa top da verirlər (gülür). Burada hər şey ürəyimcədi".