Ansi Aqolli: Zalsburqda sonadək mübarizə aparacağıq
Azərbaycan çempionu "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli sosial şəbəkələrdən birində albaniyalı azarkeşlərinin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, Albaniya millisinin futbolçusu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una qarşı keçirdikləri ilk oyundan sonra komandadakı atmosferi belə şərh edib:
"Komandada atmosfer çox yaxşıdı. Ağır oyun olsa da, qələbə qazana bildik. Amma hər şeyə Zalsburqda aydınlıq gələcək. Səfər oyununda da sonadək döyüşəcəyik ki, növbəti mərhələyə adlayaq".
Aqolli sonuncu dəfə ÇL-də təxminən 10 il öncə ölksənin "Tirana" klubu ilə oynamışdı: "Həmin klubda topladığım təcrübənin bu oyunda köməyimə çatıb-çatmadığını deyə bilmərəm. Amma hər bir oyunda olduğu kimi, bu görüşlərdə də imkan daxilində komandama maksimum kömək etməyə çalışıram. Təbii ki, "Tirana"da, yığma komandamızda topladığım təcrübə "Qarabağ"da da çox dadıma çatır".
Ansi cəza səbəbindən Zalsburdakı oyunda komandasına kömək edə bilməyəcək digər həmyerlisi - Admir Telinin yoxluğuna da toxunub: "Əlbəttə, Telinin yoxluğu bizim üçün ciddi itkidi. O, həmişə sabit oyunu ilə seçilib".
Albaniya yığmasının müdafiəçisi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Serbiya ilə oyundan da danışıb. Hansı ki, Albaniya ilə Serbiya arasındakı münasibətlər o qədər də yaxşı deyil: "Əlbəttə, keçmişdə olanlar heç vaxt unudulmur. Amma biz futbol meydanında üz-üzə gələcəyimiz üçün emosiyalarımızı qorumalıyıq. Serbiya ilə iki oyunumuz olacaq. Hər iki oyunda qələbə qazanmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik".