Stamenkoviç: Çixura ilə oyunun penaltilərə qədər uzanmasına imkan verməyəcəyik
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çürcüstan "Çixura"sına qarşı keçirdikləri ilk oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyun barədə nə deyə bilərsiz?
- "Çixura" bu oyunu ilə Türkiyə "Bursaspor"unu təsadüfən keçmədiyini göstərdi. İlk oyunun nəticəsini normal hesab edirəm. Əlbəttə, çox istəyirdik ki, tribunalara toplaşan azarkeşlərimizi qələbə ilə sevindirək. Təəssüf ki, buna nail ola bilmədik.
- Niyə alınmadı?
- Mən artıq uğursuz oyunları şərh etməkdən bezmişəm. Amma yəqin siz də gördünüz ki, xeyli qol vəziyyətlərimiz oldu. Sadəcə, top qapıya girmək istəmirdi.
- Sizcə, "Neftçi" qələbəyə layiq oynadı? Axı qol vəziyyətləri siz dediyiniz qədər də çox olmadı?
- Siz qol vəziyyəti olaraq hansı epizodları saydığınızı bilmirəm. Qələbəyə oynayırdıq və bunun üçün kifayət qədər şansımız da oldu. 3-4 real qol şansımız olsa da, qapıçıları inamlı oynadı. Üç hücumçu ilə oynayırdıq.
- Siz doğrudan qolsuz heç-heçəni yaxşı nəticə sayırsız?
- Bəli. Öz meydanımızda 0:0 oynamaq 2:1 hesablı qələbədən daha yaxşıdı.
- "Neftçi"dən səfər oyununda nə gözləyə bilərik?
- Gürcüstana qələbə üçün gedəcəyik. Amma nəzərə almaq lazımdı ki, "Neftçi"ni qollu heç-heçə də qane edir.
- "Çixura" "Bursaspor"u penaltilərlə keçmişdi. Mümkündü ki, sizin də oyununuz penaltilərə getsin. Buna hazırlaşacaqsız?
- Bu, mənim güclü tərəfimdi. Amma inanmıram ki, oyun penaltilərə qədər uzansın. Biz onları əsas vaxtda məğlub edəcəyik.
- "Neftçi" artıq evdə keçirdiyi səkkiz avrokubok matçında qələbə qazana bilmir. Niyə?
- Niyə belə alındığını bilmirəm. Amma belə bir tendensiya yaranıb ki, səfərdə daha yaxşı çıxış edirik, nəinki evdə.