Leytqeb: Qarabağın sona kimi mübarizə aparacağını gözləmirdik
31 iyul 2014 12:50
Avstriya çempionu "Zalsburq"un futbolçusu Kristof Leytqeb UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Oyunun çətin keçəcəyini gözləyirdik. Amma rəqibin sonadək mübarizə aparması bizim üçün gözlənilməz oldu. Biz onları çox sıxışdırsaq da, məğlub olduq. Ola bilsin ki, 10 nəfərlə qalmağımız sözünü dedi. Baxmayaraq ki, biz azlıqda qalsaq da belə, çoxlu hücumlar təşkil etdik. İkinci qolu vura bilərdik. Avstriyada da çətin olacaq. Amma öz meydanımızda oynadığımız üçün qələbə qazanmağa borcluyuq".