Pruidze: Cavab oyununda daha çox açıq futbol sərgiləyəcəyik
Gürcüstanın "Çixura" klubunun baş məşqçisi Samson Pruidze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qolsuz bitən qarşılaşmanı belə şərh edib:
"Çox yaxşı, gərgin oyun oldu. Bilirdik ki, "Neftçi" güclü komandadı. Onlara hörmətlə yanaşırdıq. Çox yaxşı baş məşqçiləri, gözəl futbolçuları var. Uğur bu gün bizim tərəfimizdə oldu. Cavab oyununa daha ciddi hazırlaşacağıq".
"Bizi kənd komandası adlandırıblar? Belə açıqlamalara münasibət bildirməyə ehtiyac görmürəm. Biz bugünkü oyunumuzla göstərdik ki, "Neftçi"dən zəif komanda deyilik".
Pruidze həmçinin "Çixura" azarkeşlərinə təşəkkürünü bildirib: "Gürcüstandan bura gələn azarkeşlərimizə təşəkkürümü bildirirəm. Onlar bizi çox yaxşı dəstəklədilər. "Neftçi"nin bu cür azarkeşlərinin olmasına da şad oldum".
"Cavab oyununda da sonadək döyüşəcəyik. Baxaq, görək, necə alınacaq. "Neftçi" səviyyəsində komanda olmasaq da, mübarizə aparacağıq".
Gürcü mütəxəssis oyun zamanı həmyerlilərinin açdığı qalmaqallı xəritə ilə də bağlı danışıb: "Çox təəsssüf edirik ki, belə bir xəritə açıblar. Azərbaycan bizim dostumuz, qonşumuzdu. Məncə, onlar əsl "Çixura" azarkeşləri deyildilər".
O, "Çixura"nın cavab oyununda daha çox hücum futbolu oynayacağını bəyan edib: "Biz "Bursaspor"la oyunla müqayisədə açıq futbol sərgiləməyə çalışdıq. Evdə daha çox hücuma diqqət ayıracağıq".