Rəşad Sadıqov: Bunu Teli yox, başqası etsəydi...
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avsriya "Zalsburq"una qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbə qazandığı oyunda Admir Telinin qırmızı vərəqə alarkən kapitan sarğısını yerə atmasına münasibət bildirib:
"Kapitan sarğısının yerə atılmasını görmədim. Admir sakit insandı. Mən onu elə emosional görməmişdim. O, qırmızı vərəqə aldığı üçün özündə deyildi. Başa düşürdü ki, bu epizoda görə özü günahkardı. Komandamız hesabda öndə idi və bu qırmızı vərəqənin yeri yox idi. Teli özü də bunu başa düşür. Amma əgər doğrudan da sarğını yerə atıbsa, düzgün etməyib. Formaya, "Qarabağ"ın kapitanlıq sarğısına hörmət etmək lazımdı. O, hakimlərə, komanda yoldaşlarına, rəqiblərə həmişə hörmətlə yanaşıb. Onu belə tanımışam. Bəlkə də bunu Teli yox, başqası etsəydi, daha kəskin reaksiya verərdim. Amma başa düşürəm ki, qırmızı vərəqə aldığı, komanda yoldaşlarını çətinə saldığı üçün özündə deyildi".