Rövnəq Abdullayev: Hakim Reynaldoya qırmızı vərəqə verməməliydi
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una qarşı keçirdiyi ilk oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" bu gün bizi sevindirdi. Belə oyuna görə onlara təşəkkürümü bildirirəm. Çoxdan idi stadiona bu qədər adam gəlmirdi. Azarkeşlərdən də razı qaldım".
AFFA prezidenti oyundan sonra sonra paltardəyişmə otağına daxil olaraq, futbolçuları qələbə münasibətilə təbrik edib: "Uşaqlara dedim ki, sizdən uğur gözləyirik. Avstriyalıları da keçmək, ÇL-in qrup mərhələsinə düşmək lazımdı".
Abdullayev hakimlikdən də danışıb: "Admir Telinin qırmızı vərəqəsi barədə bir söz deyə bilmərəm. Amma Reynaldonun epizodundan qırmızı vərəqə yox idi. Ötən dəfə hakim səhvi səbəbindən digər təmsilçimiz "İnter" mübarizəni dayandırdı. Bu dəfə də "Qarabağ" hakimlikdən əziyyət çəkdi".
AFFA rəhbəri "Qarabağ"ın şansları barədə də danışıb:"Ağdamlıların şansı yüksəkdi. Əgər normal oynasalar, hər şey mümkündü. Sabah "Çixura" ilə qarşılaşacaq "Neftçi"dən də uğur gözləyirəm".