Adolf Hütter: Reynaldo bizi bədxərcliliyimizə görə cəzalandırdı
Avstriya çempionu "Zalsburq"un baş məşqçisi Adolf Hütter UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Qarabağ"ı qələbə münasibətilə təbrik etmək istəyirəm. Onlar xarakter nümayiş etdirdilər. İkinci hissədə bizim bir neçə təhlükəli qol vəziyyətlərimiz oldu. Amma biz bir qoldan artığını vura bilmədik. Reynaldo isə bizi bədxərcliliyimizə görə cəzalandırdı. Bizim hədəfimiz dəyişməz olaraq qalır - ÇL-in qrup mərhələsinə düşmək istəyirik.
Birinci hissədəki oyunumuzdan narazı qaldım. İkinci yarıda isə daha yaxşı oynadıq.
Hakimlik? Bu haqda danışmaq istəmirəm. Reynaldonun qırmızı vərəqəsi? Əlbəttə, onun cavab görüşündə yoxluğu bizim üçün üstünlük olacaq. Amma bizdə də itkilər var".