İviça Quberaç: Neftçini ev oyununda düzgün qiymətləndirmədik
Sloveniyanın "Koper" klubunun kapitanı İviça Quberaçın azerisport.az saytına müsahibəsi
- "Neftçi"yə cavab oyununda iki cavabsız qolla uduzaraq, mübarizəni dayandırdız. Nə deyə bilərsiz?
- Çox məyusam.
- Bakıdakı qələbə sizə niyə kömək etmədi?
- Biz "Neftçi"nin gücünə bələd idik. Onlar ilk oyunda uduzsa belə, nəyə qadir olduqlarını yaxşı bilirdik. Amma şəxsən mən onların Sloveniyada dönüş yaradacağına inanmırdım. Bu, bizim üçün çox pis nəticədi.
- Sizin Azərbaycanda təsadüfi qələbə qazandığınızı demək olar?
- Mən onu təsadüf hesab etmirəm. Həmin matçda çox yaxşı oynadıq. Amma həyat göstərdi ki, bizim əlavə qol və qollar vurmağımıza da ehtiyac var idi.
- Siz evdə uduzduğunuza görə məyus olmusuz, ya mərhələ keçə bilmədiyinizə görə?
- Elə hər ikisinə görə. Amma futbolda belə şeylər də olur.
- "Neftçi" futbolçuları əsl güclərini Sloveniyadakı oyunda göstərəcəklərini açıqlamışdılar. Bu, sizi qorxutmurdu?
- Bir halda ki, uduzmuşuq, deməli, həmin açıqlamalardan qorxmuşuq. Həm də bizdə Bakıdakı əminlik yox idi. Bunun nə ilə bağlı olduğunu deyə bilmərəm. Yəqin ki, ilk oyundakı qələbədən sonra biz evdə də asan qələbə qazanacağımızı düşünürdük, rəqibi düzgün qiymətləndirmədik.
- Sizcə, "Neftçi" bu oyunla nəyə nail ola bilər?
- Bu komanda Avropa Liqasının qrup mərhələsində çıxış edib, təcrübəsi var. Amma onların bu mövsüm nə qədər irəliləyəcəyini deyə bilmərəm. Düzü, heç bu barədə düşünmürəm də.