Neftçi Avropa Liqasının 3-cü təsnifat mərhələsində Çixura ilə qarşılaşacaq
Azərbaycan Kubokunun qalibi "Neftçi"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi məlumdu. Azerisport.az xəbər verir ki, ötən gecə Sloveniya "Koper"ini iki oyunun nəticəsinə görə üstələyən (1:2, 2:0) "ağ-qaralar" növbəti turda Gürcüstanın "Çixura" klubu ilə qarşılaşacaq.
Qonşu ölkə təmsilçisi ikinci təsnifat mərhələsində Türkiyənin "Bursaspor" klubunu mübarizədən kənarlaşdırıb. Həm ilk, həm də cavab görüşündə tərəflər qapıya yol tapa bilməsələr də, penalti seriyasında 4:1 hesabıyla qalib gələn gürcülər sensasiyalı şəkildə mərhələ keçməyi bacarıblar.
Maraq üçün xatırladaq ki, "Çixura" Avroliqanın ilk təsnifat mərhələsində də Makedoniyanın "Turnovo" klubundan üstün olmuşdu (1:0, 3:1).
"Neftçi" bu yay Türkiyə toplanışı zamanı "Çixura" ilə iki yoxlama oyunu keçirmişdi. İlk oyunda 2:3 hesabıyla uduzan "ağ-qaralar" sonrakı qarşılaşmada 1:1 hesablı heç-heçəyə razılaşmışdılar.