Böyükağa Hacıyev: Sonadək döyüşüb, mərhələ adlamağa çalışacağıq
Avropa Liqasının ikinci təsnifat mərhələsinin sabah baş tutacaq “Koper” - “Neftçi” oyunu öncəsi KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, mətbuat konfransında komandamızın baş məşqçisi Böyükağa Hacıyev fikirlərini bildirib:
“İlk görüşdə maraqlı oyunun şahidi olduq. “Koper” iki real qol imkanı əldə etdi və bunlardan da yararlandı. Bu, onu göstərir ki, rəqib əks hücuma çıxmağı yaxşı bacarır və əlinə düşən imkanlardan da layiqincə istifadə edir. Biz də əl-qolumuzu yanımıza salmamışıq, bura elə-belə gəlməmişik. Təbii ki, çox çətin oyun olacaq, bunu anlayırıq. Çünki “Koper” təsəvvür etdiyimizdən də güclü komandadı. Rəqib keçmiş Yuqoslaviya məktəbinə xas futbol nümayiş etdirir, mən deyərdim ki, növbəti mərhələdə istər “Bursaspor”u olsun, istər “Çixura”nı adlamağa qadirdi. Amma mərhələ keçmək şansımız hələ də qalır. Bu şansdan sonadək yararlanmaq istəyirik. Azarkeşlərimiz əmin olsunlar, bizə inansınlar, əlimizdən gələnin ən yaxşısını eləyib, sonadək döyüşəcəyik və mərhələ adlamağa çalışacağıq". (klub saytı)