Miyan: İnterə məğlubiyyət fiasko sayılmayacaq
İsveçin "Elfsborq" klubunun məşqçisi Yan Miyan Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı sabah keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilmiş mətbuat konfransında öncə bunları dilə gətirib:
"Bu, bizim üçün vacib oyunlardan biridi. Mövsümə yaxşı başlamışdıq. Amma son dövrlər bunun davamını gətirə bilmirik. "İnter"ə ilk oyundakı məğlubiyyətə baxmayaraq, uğur qazanacağımıza inanırıq. Bakıda qələbə qazanacağımıza ümid edirəm. Sabah meydana yalnız qələbə üçün çıxacağıq. Bunun üçün gücümüz daxilində əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, ilk görüşdəkindən daha yaxşı oynayaq".
Miyan "İnter"dən danışarkən bunları vurğulayıb: "İnter" yaxşı taktikaya malik komandadı. Rəqib xüsusilə meydanın mərkəzində yaxşı hərəkət edir. Amma biz onlara asanlıqla təslim olmağa hazırlaşmırıq. Rəqibin yaxşı top saxlamağı bacaran futbolçuları var. Buna görə rəqibə oynamaq imkanı verməməliyik".
O, komandanın əsas baş məşqçisi Klas İnqessonun Bakıya gəlməməsinin səbəbini də açıqlayıb: "Onun sağlıq durumunda hazırda problem var. Bura 8 saatlıq yol qət etmişik. Buna görə belə qərara aldıq ki, baş məşqçimiz bura gəlməsin. Uzun yolçuluğun ona daha da pis təsir etməsini istəmədik. Buna baxmayaraq, tez-tez baş məşqçi ilə əlaqə saxlayırıq".
Miyan Bakıdakı mümkün uğursuzluğu da istisna etməyib: "Təbii ki, "İnter"ə uduzsaq, bu, fiasko sayılmayacaq".