David Odikadze: Əminəm ki, Neftçi Koperi keçəcək
Bakı "İnter"inin sabiq yarımmüdafiəçisi, hazırda Gürcüstanın "Çixura" klubunda çıxış edən David Odikadzenin azerisport.az saytına müsahibəsi
- Komandanız Avroliqanın ikinci təsnifat mərhələsində Türkiyə "Bursaspor"u ilə səfərdə qolsuz heç-heçəyə razılaşmaqla böyük sürprizə imza atdı. Bu matçla bağlı nə deyə bilərsiz?
- Türkiyədə keçirilən ilk oyunda mübarizə aparmaq çox çətin idi. Amma biz heç-heçəyə nail ola bildik. Əsas odu ki, indi bizim növbəti mərhələyə yüksəlmək şansımız kifayət qədər yüksəlib.
- Komandanız mərhələ adlasa, "Neftçi" - "Koper" cütünün qalibi ilə üz-üzə gələcək. Bu oyunun necə başa çatdığından xəbəriniz var?
- Hə, bilirəm ki, "Neftçi" ilk oyunda 1:2 hesabıyla uduzub. Amma buna baxmayaraq, növbəti mərhələyə məhz bu komandanın adlayacağına əminəm. Ən azından belə olmasını çox istərdim.
- Bu əminlik hardandı?
- Azərbaycanda oynamışam. "İnter"in "Neftçi" ilə oyunlarını yaxşı xatırlayıram. Ölkənin ən güclü klublarından biridi. "Neftçi"nin üzvləri toparlana və sloveniyalılara layiq cavab verə bilərlər. Onlar həmişə hücum futbolu sərgiləyirlər. Belə rəqiblə mübarizə aparmaq əladı.
- Siz Türkiyədəki toplanış zamanı "Neftçi" ilə iki yoxlama oyunu keçirmişdiz, indi isə Avroliqada qarşılaşa bilərsiz...
- Bu, bizim "Bursaspor"u, "Neftçi"nin "Koper"i keçəcəyi halda baş tutacaq. Düzdü, yoxlama oyunlarında biz onlara uduzmadıq. Amma rəsmi oyunlar tam fərqli olur.
- Keçmiş komandanız "İnter" isə bu mərhələdə İsveç "Elfsborq"unu səfərdə məğlubiyyətə uğratdı. Bu, sizin üçün sürpriz oldu?
- Müəyyən mənada. Ümumiyyətlə, həmin gün mənim üçün çox uğurlu alındı. Türkiyədə heç-heçə oynadıq, hələ də azarkeşlik etdiyim "İnter" İsveçdən qələbə ilə qayıtdı. Hər ikisinə görə çox şadam. Əgər biz Bakıya gələsi olsaq, mütləq keçmiş dostlarımla görüşməyə çalışacam.