"Çumbinyonun zərbəsini heç Tim Hovard da çıxara bilməzdi"
Maltanın "Valletta" klubunun kapitanı Rayan Fenekin azerisport.az saytına müsahibəsi
- "Qarabağ"a ilk oyundakı məğlubiyyətinizi (0:1) necə qiymətləndirə bilərsiz?
- Oyun çox yaxşı alındı. Bizim də, qonaqların da qol şansları var idi. Sadəcə, rəqib bu mənada bizdən daha yaxşı çıxış etdi.
- Çumbinyonun qolu komandanıza necə təsir etdi?
- Əlbəttə, çox pis. Amma etiraf etməliyəm ki, möhtəşəm qol idi. Yəqin ki, həftənin ən yaxşı qolu seçilə bilər. Həm də bu qol komandaya qələbə qazandırdı. Belə zərbəni heç Tim Hovard da çıxara bilməzdi.
- Növbəti mərhələyə adlamaq şanslarınızı necə qiymətləndirirsiz?
- Azərbaycanda qol vurmağımız lazımdı. Özü də birinci. Amma bu, çətin olacaq. Bunu hamımız başa düşürük. Hələ şansımızı itirməmişik.
- Bakının istisi sizə mane olmayacaq?
- Bu, problem deyil. Bizdə də çox isti olur.
- Demək olar ki, "Valletta" "Qarabağ"a qarşı ən yaxşı oyununu sərgilədi?
- Xeyr, biz bacardığımız oyunu sərgiləyə bilmədik. Əminəm ki, eyni sözləri "Qarabağ" haqda da demək olar. Oyundan öncə biz əsas Reynaldonu zərərsizləşdirmək haqda düşünürdük. Amma bu futbolçu komandamıza xüsusi problem yaratmadı.
- "Qarabağ"ın əsas üstünlüyü nədə idi?
- Mənə elə gəlir ki, oyuna düzgün yanaşmaları. Təcrübə də öz sözünü dedi.
- Rəqib sizi nə iləsə təəccübləndirdi?
- Mən onların oyunlarına baxmamışdım. Rəqibi baş məşqçimiz analiz etmişdi. "Qarabağ"ın braziliyalıları çox yaxşı təsir bağışladı. Onları saxlamaq asan deyildi.
- Niyə stadiona az azarkeş gəlmişdi? Rəqib tanış olmadığına görə?
- Yox, sadəcə, matçın keçirildiyi vaxt iş saatlarına təsadüf edirdi. Hamı işdə idi. Buna baxmayaraq, 800 azarkeş var idi.