Bakının daha iki rəqibi geri çəkildi
24 aprel 2014 11:33
Polşa və Çexiya futbol federasiyaları AÇ-2020-ni keçirmək haqda iddia ərizələrini geri götürüblər. Azerisport.az xəbər verir ki, beləliklə, Polşanın Varşava və Xojuv, Çexiyanın Praqa şəhərləri AÇ-2020-ni keçirməyə namizəd olan paytaxtımız Bakının rəqabət yolundan çəkiliblər.
Çexiya futbol federasiyasının prezidenti Miroslav Pelta peşəkar baxımdan yarışın keçirilməsinə hazır olduqlarını qeyd edib və iddianı geri götürməyə səbəbin Praqa şəhər bələdiyyəsinin imtina qərarı olduğunu açıqlayıb. Pelta bunun Çexiya futbolu və azarkeşləri üçün böyük itki olduğunu vurğulayıb.
Polşa futbol ittifaqının rəhbəri Zbiqnev Bonek isə iddiadan imtinanın səbəbini federasiyanın öz imkanlarını qiymətləndirərək, yarışı keçirməyə şanslarının azlığını əsas gətirməklə izah edib.
Xatırladaq ki, AÇ-2020-nin Avropanın 13 ölkəsində keçirilməsi nəzərdə tutulub. Hazırda bu məqsədlə 35 iddiaçı şəhər öz namizədliyində israrlıdır.
Qeyd edək ki, bir qədər əvvəl Finlandiya öz namizədi paytaxt Helsinki qismində iddiasını geri götürmüşdü.
(Sovetski sport)