Bakı derbiyə hazırdı
"Bakı" Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində sabah evdə “İnter”i qəbul edəcək. Azerisport.az xəbər verir ki, "zolaqlılar" bu gün isə oyunöncəsi son məşqini keçirib.
Saat 11:10-da başlayan hazırlığa yüngül qaçış və isinmə hərəkətləriylə start verilib. Ardınca düzülmüş maneələr içində əyləncəli qaçdı-tutdu oynayan futbolçular məşqin qalan çox hissəsini “kvadrat”a həsr edib. Qısa məsafələrə sürətli qaçış tapşırığından sonra dartınma hərəkətlərini də icra edən baş məşqçi Milinko Pantiçin yetirmələri bununla da hazırlığı başa vurub.
Qeyd edək ki, zədəli olan Rauf Əliyev, Mario Alvares və Namiq Ələsgərov məşqdə iştirak etməyib. Vüqar Mustafayev isə yüngül qaçışla kifayətlənib. Əvəzində zədəsini sağaldan Elvin Məmmədov kollektiv çalışmalara qoşulub.