21 may 2013 19:01
Bakının futbolçusu Porto ilə anlaşdı
İspaniyanın “Atletico” klubunun Bakıya səfəri zamanı keçirilən yoldaşlıq oyununda ispan məşqçilər tərəfindən bəyənilən “Bakı”nın 17 yaşlı futbolçusu Mahir Mədətov Portuqaliyaya yollanır. Azerisport.az xəbər verir ki, bu il Portuqaliya çempionu olan “Porto” yığmamızın da şərəfini qoruyan gənc oyunçunu sıralarına qatıb.
Məlum olduğu kimi, “Atletico”dan sonra “Porto” ilə də əməkdaşlığa başlayan “Bakı” yerli futbolçularının xarici klublarda çıxışı üçün əlverişli şərait yaradır. Bu günlərdə klubun baş meneceri Zeynal Məmmədov Portuqaliyada səfərdə olmuş, bu klubun infrastrukturu ilə tanış olduqdan sonra, əməkdaşlıqla bağlı müxtəlif məsələləri müzakirə etmişdi. Danışıqlar zamanı Mədətovun “Porto”ya keçidi də müzakirə olunub. Artıq futbolçunun transferi haqda danışıqlar yekunlaşıb və razılıq əldə olunub. Yaxın günlərdə Mədətov Portuqaliyaya yollanacaq.
Məlumatı futbolçunun özü də saytımıza açıqlamasında təsdiqləyib: “Bəli, bu xəbər doğrudu. Zeynal müəllim danışıqların müsbət yekunlaşdığını bildirdi. Onlar mənim çıxışımı izləyib, bəyəniblər. Bildiriblər ki, bu yaşda futbolçunun belə göstəricilərə malik olması yaxşıdı. Hələlik “Porto”nun əsas və ya B komandasında yer alacağımı bilmirəm. Əslində mənim üçün bunun fərqi də yoxdu. Çünki B komandasında özümü göstərməklə, əsas komandaya da keçə bilərəm. Hələlik Portuya səfərimin dəqiq tarixini bilmirəm. Yəqin ki, hər şeyə tezliklə aydınlıq gələcək”.
Qeyd edək ki, Mahir Mədətov 17 yaşlı futbolçulardan ibarət milli komandamızın əsas heyət üzvüdü.
Qeyd edək ki, Mahir Mədətov 17 yaşlı futbolçulardan ibarət milli komandamızın əsas heyət üzvüdü.
