Qarabağ altı futbolçusu ilə yollarını ayırdı
20 may 2013 17:10
Cari mövsümü gümüş medalçı kimi bitirən “Qarabağ” heyətdə ciddi islahatlara start verib. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi altı futbolçusu ilə yollarını ayırıb.
Onlardan dördü yerli futbolçular – Əfran İsmayılov, Emin İmaməliyev, Zaur Həşimov və Elnur Abdulovdu. Legionerlərdən isə Kristian Torres və Emeka Opara növbəti mövsüm bu komandada çıxış etməyəcək. Klub rəhbərliyi məşqçilər korpusunun istəyi ilə onlarla yeni müqavilə bağlamamağa qərar verib. Legionerlərdən Branimir Subaşiçin də komandadan ayrılması istisna deyil.
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ”ın daha iddialı bir heyət qurmaq üçün sözügedən futbolçulara qapı göstərdiyi bildirilir. Klubun böyük transferlər edəcəyi gözlənilir.
Xatırladaq ki, “Qarabağ” Maksim Medvedev, Vüqar Nadirov, Fərhad Vəliyev, Namiq Yusifov, Admir Teli, Ansi Aqolli və İlqar Qurbanovla yeni müqavilə imzalayıb və onların komandada qalacağı dəqiqdi.