5 fevral 2012 12:54
“Biz Azərbaycanda öz sistemimizi qurmağa çalışırıq”
"Qəbələ"nin türkiyəli məşqçiləri Halim Fıçıcı və Rəcəb Yazıçı ölkəsinin mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, "Galatasaray" klubundakı uğurları ilə tanınan məşqçilər "Cim Bom"un Azərbaycanda çox sevildiyini bildiriblər.
Məşqçilər Qəbələyə getdikdən sonra bu bölgədə "Galatasaray"a simpatiyanın artdığını vurğulayıblar. Rəcəb Yazıçı bunları dilə gətirib: "Biz Qəbələyə getdikdən sonra orada "Galatasaray"a simpatiya artdı. "Cim Bom"u çox sevirlər və "Qəbələ"nin aşağı yaş qruplarında çıxış edən futbolçular "bizi "Galatasaray"a göndər" deyirlər. Bir çox oyunçudan isə forma sifarişi almışam. Artıq Qəbələdə "Galatasaray"ı çox sevirlər".
Halim Fıcıçı isə belə danışıb: "Bu bölgədə "Galatasaray" sevgisini görməmək mümkün deyil. Bizim orada gördüyümüz işlərdən sonra məni və Rəcəbi inanılmaz sevməyə başladılar. "Qəbələ" artıq Azərbaycanda elit bir komandaya çevrilib. "Galatasaray"da işlədiyimiz dönəmdə "Qəbələ" Akademiyasının direktoru Ali Yavaş bizə yol açmışdı. Yenə də onunla çalışdığımız üçün Allah ondan razı olsun. Məni "Qəbələ" klubuna məhz Ali müəllim gətirmişdi. Biz də Azərbaycanda öz sistemimizi qurmağa çalışırıq".
