5 fevral 2012 12:38

Sergey Yuran: Yayda Simurqdan gedişim istisna deyil

“Simurq”un baş məşqçisi Sergey Yuran azerisport.az saytına müsahibəsində komandasının Türkiyə toplanışını dəyərləndirib, şanslarından danışıb.
 
- Səhv etmiriksə, “Simurq” yanvarın əvvəlində vətənə qayıtmalıydı...
- Biz Türkiyəni yanvarın 31-də tərk etməyi planlaşdırmışdıq. Amma Azərbaycandakı kəskin hava şəraiti planlarımızı dəyişdirdi. Zaqatala stadionunun qar altında qaldığını, orda məşq etməyin mümkünsüz olduğunu eşidincə, burda qalmağa qərar verdik. Buna görə daha bir sınaq matçına da çıxmaq imkanı qazandıq.
 
- Siz yoxlama oyunlarında çoxlu futbolçunu da baxışdan keçirdiniz...
- “Simurq”un düşərgəsinə gələn futbolçular arasında Sergey Kovalenko, İqor Tarasov və Cem Atan var idi. Latviya yığmasının perspektivli oyunçusu olan Tarasovu almaq istərdim. Amma təəssüf ki, maliyyə məsələlərində razılığa gələ bilmədik. Kovalenko təmiz forvard deyil. Atan isə hazırkı məqamda tam hazır deyil. Amma ona sonradan baxa bilərik. İndiki məqamda mənə forvard lazımdı.

- Bir qədər öncə Vyaçeslav Sofronini də baxışa çağırmışdız?
- Biz onunla danışmışdıq. Amma futbolçu Qazaxıstanın “Ordabası” klubunu seçdi. Səbəb sadədi: ona orda daha yaxşı pul təklif etdilər. Əslində futbolçu pula üstünlük verirsə, buna heç nə etmək olmaz. Həm də Zaqatala paytaxt deyil axı.
 
- Belə çıxır ki, “Simurq” möhkəmlənə bilməyib?
- Hər şey pula bağlıdı. Təəssüf ki, bu məsələni də mən həll etmirəm. Bizə konkret büdcə verilmişdi. Həmin çərçivədə də hərəkət edə bilirik. Mən əcnəbi oyunçu almaq istəyirəm. Amma o, yerli oyunçudan iki baş üstün olmalıdı. Bir azərbaycanlı futbolçu var ki, onu götürməyə hazıram. Bu, “Neftçi”nin futbolçusudu, daha çox ehtiyatda qalır.
 
- Səhv etmiriksə, siz Cavid İmamverdiyevi nəzərdə tutursuz. Amma çətin ki, “Neftçi” qarşıdan gələn çətin oyunlar öncəsi onu sizə icarəyə versin...
- Mövsümün əvvəlində hədəfimiz elitada qalmaq idi. Amma mən ambisiyalı adamam. Ona görə də uşaqlara deyə bilmərəm ki, elə birinci dəstəyə düşməməyimizə çalışın, bəsdi. İnanın ki, Kramarenko mövsümün əvvəlində sıralarımızda olsaydı, indi biz 6-7-ci pillədəydik. Razıyam ki, uğursuzluqlara görə baş məşqçi günahkardı. Amma məşqçilər korpusuyla analizlərimiz də belə deməyə əsas verir ki, biz qapıçı səhvlərindən azı 4-5 xal itirmişik. Əgər bir hücumçu da ala bilsək, o zaman mövsümün sonuna kimi döyüşəcəyik.
 
- Əgər komanda ilk altılığa düşməsə, final mərhələsindəki döyüşməyin nə mənası var?
- Yeddinci yer üçün. Biz peşəkarıq və klub qarşısında məsuliyyətimizi dərk edirik. Başqa yol yoxdu. Axı meydana boşuna çıxmaq olmaz. Biz azarkeşlərimiz üçün oynamalıyıq. Onların məni əllərində necə gəzdirdiklərini unuda bilmirəm. Məncə, arenamız azarkeş davamiyyətinə görə “Xəzər Lənkəran” və “Kəpəz”dən sonra üçüncüdü. Çox istərdim ki, “Simurq”u avrokuboklara çıxara bilim.
 
- Zaqatalada sizə darıxdırıcı deyil ki?
- Xeyr. Baza – stadion və geri. Amma balıq və istirahət var. Azarkeşlər sağ olsunlar, məni unutmurlar. Məncə onlar Sergey Yuranın qayğısına daha çox qalırlar, nəinki “Simurq”un baş məşqçisi kimi. Azarkeşlərlə aramızda çox yaxşı anlaşma var. Lakin Azərbaycan futboluna daha çox fayda vermək haqda da düşünürəm.
 
- Belə çıxır ki, mövsümün sonunda gedişiniz mümkündü?
- Belə deyim ki, gedişim istisna deyil. Məmnuniyyətlə Azərbaycan çempionatında işlərdim. Çünki sizin çempionatı MDB məkanında Rusiya və Ukraynadan sonra ən güclü sayıram. Düzdü, sizdə stadion çatışmazlığı var. Amma bu, zamanla həll olunan məsələdi. Yeri gəlmişkən, mən hesab edirəm ki, Rusiya yığmasına DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanı Bakıda yenmək çox çətin olacaq.
 
- Sirr deyilsə, “Simurq”u hansı klublarımıza dəyişmək istərdiz?
- “Neftçi”, “Xəzər Lənkəran”, “Bakı”, “İnter”. Onların hər şeyi var ki, avrokuboklarda uğurlu çıxış edə bilsinlər. Fikrimcə, ölkəniz ən azı bir klubla avrokubokların qrup mərhələsində təmsil olunmağa layiqdi. Lakin elə bir kluba getmək istəyirəm ki, orda baş məşqçinin işinə qarışılmasın. Çünki komanda mənim ailəmdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.