Robert Prosineçki: İkinci yarıdakı oyundan razı qaldım
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avstriya toplanışı çərçivəsində Makedoniyaya qarşı yoxlama oyunundan (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi xorvatiyalı mütəxəssisin açıqlamaları ilə tanış edir?
- Matçla bağlı nə deyə bilərsiniz?
- İki fərqli hissə izlədik. Birinci hissədə pis oynadıq. Rəqibə iki qolu hədiyyə etdik. Ötürmələrlə oynaya bilmədik. İkinci hissədə isə fərqli oyun vardı. Qol vəziyyətlərimiz də oldu. Amma Əfran İsmayılov, Ruslan Qurbanov, Ağabala Ramazanov şanslardan yararlana bilmədi. Hesabı bərabərləşdirə bilərdik. Niyə alınmadı, bilmirəm. Analiz etdikdən sonra dəqiq nəsə söyləmək olar. Bütövlükdə, ikinci hissədən razı qaldım.
- Fasilədə "Neftçi"nin iki futbolçusunu meydandan çıxardınız. Bəlkə problem onlarda idi?
- Futbolçularımı klublarına görə ayırmaq istəmirəm. Onların hamısı yığmanın oyunçularıdır. Rəhman Hacıyevlə Araz Abdullayev öz oyununu göstərə bilmədi. Təəssüf ki, ikinci qolu vura bilmədik.
- Niyə çox əvəzetmə etmədiniz?
- Daha yaxşı oynamağa başladığımız üçün əvəzetməyə ehtiyac duymadım.
- Ötən gün çempionatın səviyyəsinin aşağı düşdüyünü demişdiniz. Bunun bu oyunda da təsiri oldu?
- Səbəblər saymaq istəmirəm. Uşaqlar mövsümün sonu olduğundan yorğundular. Amma bu, bəraət deyil.
- Bu oyunu millimizin seçmə mərhələdəki rəqibləri - Norveç, Şimali İrlandiya və Çexiya nümayəndələri də izləyirdi. Onlar bu gün nə gördülər?
- Bundan xəbərim yox idi. Onlar bizim birinci hissədə zəif, ikinci yarıda güclü oynadığımızı gördülər. Zədəli futbolçularımız var. Rahid Əmirquliyev, Namiq Ələsgərov, Eddi İsrafilov bu gün meydanda olmasa da, bizim üçün vacib oyunçulardı. Amma Namiq Kanadaya qarşı oynayacaq.