Tərlan Əhmədov: Ümid edirəm ki, indiki yığmamız İtaliya ilə oyunda bizim səhvlərimizi təkrarlamayacaq
Azərbaycan yığmasının sabiq müdafiəçisi Tərlan Əhmədov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək İtaliya ilə oyun öncəsi 13 əvvəl bu komanda ilə qarşılaşdıqları görüşü xatırlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Həmin oyunda biz Bakıda bu rəqibə qarşı yaxşı mübarizə aparmışdıq. Meydanı məğlub tərk etsək də, sərgilədiyimiz oyun uzun müddət xoş xatirə kimi qaldı. Ümid edirəm ki, indiki yığmamız bizim həmin oyunda buraxdığımız səhvləri təkrarlamayacaq. Həmçinin anşlaq olacağını və yaxşı nəticə qazanacağımızı düşünürəm. 2002-ci ildə Azərbaycan futbolunda problemlər çox idi. Alternativ çempionat keçirilirdi. Xaricdə təlim-məşq toplanışı, yoxlama oyunları keçirə bilmirdik. İndiki futbolçular elə problemlərlə üzləşmirlər. Futbolumuzun səviyyəsi qalxıb. Belə olan vəziyyətdə italyanlar üzərində qələbə gözləyirəm. Yığmamızın son nəticələri də göstərir ki, biz buna nail ola bilərik".